Main Page Consulate Press-releases Azerbaijan Press Contacts
News Archive
 

[23.01.2008] TÜRKIYƏ ILƏ VIZA REJIMININ LƏĞV OLUNMASI ÜÇÜN AZƏRBAYCAN QANUNVERICILIYƏ DƏYIŞIKLIK ETMƏLIDIR - KONSULLUQ İDARƏSININ RƏISI

[23.01.2008] İSRAIL PARLAMENTININ VITSE-SPIKERI: “YƏHUDILƏRƏ TAM SƏRBƏST YAŞAMAQ IMKANI YARATDIĞINA GÖRƏ AZƏRBAYCAN DÖVLƏTINƏ MINNƏTDARIQ”

[17.01.2008] AZƏRBAYCANIN TÜRKIYƏDƏKI SƏFIRLIYI 20 YANVAR FACIƏSININ ILDÖNÜMÜ ILƏ BAĞLI MÜXTƏLIF TƏDBIRLƏR KEÇIRƏCƏK

[10.01.2008] TÜRK RESPUBLIKALARININ ORTAQ DILI OLACAQ - AZƏRBAYCAN PARLAMENTININ KOMISSIYA SƏDRI

 
 
Last News
 

TÜRKIYƏ ILƏ VIZA REJIMININ LƏĞV OLUNMASI ÜÇÜN AZƏRBAYCAN QANUNVERICILIYƏ DƏYIŞIKLIK ETMƏLIDIR - KONSULLUQ İDARƏSININ RƏISI
[23.01.2008 14:31]

Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Nadir Hüseynovun «Trend»ə müsahibəsi

- Türkiyə türkdilli dövlətlərlə, o cümlədən Azərbaycanla viza rejimini ləğv etdikdən sonra vətəndaşlarımız viza olmadan bir ay müddətinə Türkiyə ərazisində qala bilirlər. Bu qaydalar azərbaycanlılar üçün nə qədər əlverişlidir və hər hansı problemlər yaradırmı? Azərbaycan analoji qərar qəbul etmək barədə düşünürmü?

- Türkiyənin türkdilli ölkələr, o cümlədən Azərbaycan Respublikası ilə viza rejimini sadələşdirməsi bu ölkənin sərhəd xidməti orqanlarının daxili prosedur qaydalarının sadələşdirilməsi ilə bağlı məsələdir. Türkiyə hökumətinin bu qərarından əvvəl Azərbaycan Respublikasının vətəndaşları 10 ABŞ dolları rüsum ödəməklə Türkiyə ərazisində 90 gün qalmaq hüququ əldə edə bilirdilər. Bu isə müxtəlif səbəblərlə Türkiyəyə səfər edən Azərbaycan Respublikası vətəndaşlarına kifayət qədər uzun müddətə Türkiyədə qalma imkanı yaradırdı. Son viza sadələşdirməsindən sonra isə vətəndaşlarımız viza rəsmiləşdirmədən və heç bir rüsum ödəmədən Türkiyədə 30 gün qalmaq imkanı əldə edirlər. Digər məqsədlərlə Türkiyəyə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30 gündən artıq müddətə qalmaq məsələsi isə Türkiyənin əcnəbi vətəndaşların hüquqi statusunu tənzimləyən qanunvericiliyinə uyğun olaraq və müvafiq prosedurlara əsasən həll edilir. Eyni qaydaların Azərbaycan Respublikasına səfər edən Türkiyə vətəndaşları üçün tətbiq edilməsi gündəlikdə duran məsələ olmaqla yanaşı, ölkəmizin qanunvericiliyinin müvafiq təkmilləşdirilməsini və bir sıra yeni prosedurların həyata keçirilməsini tələb edir.

- İranla Azərbaycan arasında viza rejiminin ləğvi məsələsi hələ də gündəlikdədir. İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycan vətəndaşlarının öz ərazisinə viza olmadan gəlməsinə şərait yaratmağa hazırdırlar. Məsələnin hələ də açıq qalmasında Azərbaycanın razılığa gəlməməsini göstərirlər. Bu məsələ ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulubmu?

- Azərbaycan Respublikası bütün qonşu ölkələr, həmçinin İran İslam Respublikası ilə gediş-gəlişin asanlaşdırılmasının, mal və xidmətlərin dövriyyəsinin sürətləndirilməsinin tərəfdarıdır. Paytaxtlarımızdakı səfirliklərlə yanaşı, İranın Naxçıvanda, Azərbaycan Respublikasının isə Təbrizdə Baş konsulluqlarının fəaliyyət göstərməsi qeyd edilən münasibətlərin inkişaf etdirilməsi, habelə digər problemlərin həll edilməsi məqsədini daşıyır. İki ölkənin ikitərəfli əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və iqtisadi əlaqələrin inkişafı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.

- Azərbaycan bir sıra ölkələrdə, o cümlədən Gürcüstan və Rusiyada yeni konsulluqların açılmasını planlaşdırırmı?

- Xaricdə daimi və müvəqqəti yaşayan vətəndaşların hüquq və mənafelərinin qorunması məqsədilə Azərbaycan Respublikası xüsusilə azərbaycanlıların kompakt yaşadığı ölkələrdə Azərbaycan Respublikasının konsulluqlarının açılması prosesini davam etdirir. Vətəndaşlarımızın daha çox Rusiya Federasiyasına əmək fəaliyyəti məqsədilə gediş-gəlişinin intensivliyi, bu ölkədə daimi və müvəqqəti yaşayan vətəndaşlarımızın sayının çoxluğunu nəzərə alaraq, habelə onların qarşılaşdıqları problemlərin həllinə yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnaməyə uyğun olaraq, Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncam imzalayıb. Azərbaycan Respublikası vətəndaşlarının digər ölkələrdə də hüquq və mənafelərinin qorunması, müvafiq konsul xidmətlərinin göstərilməsi üçün lazımi tədbirlərin görülməsi davam etdirilir və bir sıra ölkələrdə Baş konsulluqlar, konsulluqlar və konsulluq agentliklərinin təsis edilməsi planlaşdırılır.