AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

AzərbaycanXarici siyasət
 
Xarici siyasət

AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ SİYASƏTİNİN PRİORİTETLƏRİ 

Bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanı inkişaf etdirmək;

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsi məqsədi ilə müstəqil xarici siyasət yeritmək;

Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması;

ATƏT-in Lissabon sammiti prinsipləri əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi;

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması;

Qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi;

Regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;

Regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması;

Nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması;

Xəzər Dənizi hövzəsinin demilitarizasiyası (hərbsizləşdirilməsi);

NATO, Avropa Birliyi, Qərbi Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya;

Azərbaycanın Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək;

Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək. 

Azərbaycanın qonşu ölkələrlə münasibətləri

Azərbaycan onun çoxtərəfli münasibətlərilə məntiqi vəhdət yaradan ayrı-ayrı xarici dövlətlərlə ikitərəfli münasibətlərinə, o cümlədən qonşu ölkələrlə münasibətlərinə xüsusi əhəmiyyət verir.

Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və bugünədək mövqeyimizi dəstəkləməkdə davam edən Türkiyə Cümhuriyyətilə münasibətlər son dərəcə mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-birilə sıx bağlı olan bu iki ölkə arasında qarşılıqlı münasibətlər bu gün strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan və Türkiyənin bölgədə baş verən geosiyasi və iqtisadi vəziyyətin inkişafına, trans-regional iqtisadi layihələrin gerçəkləşdirilməsinə münasibəti, eləcə də rəsmi Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlar da daxil olmaqla, onların mövqelərinin tam uyğunluğunu və bu iki ölkə arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir.

Rusiyanın Cənubi Qafqazda güclü nüfuzunu nəzərə alaraq, Azərbaycanın xarici siyasəti böyük əhəmiyyətə malik şimal istiqamətinə xüsusi diqqət ayırır. Bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq şəraitinin yaradılması naminə səylər göstərən Azərbaycan Rusiya ilə iqtisadi, siyasi, ictimai və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da təkmilləşdirilməsinin tərəfdarıdır. Belə konstruktiv mövqeyi sayəsində burada özünü büruzə verən müsbət meyllərdən, ilk növbədə ikitərəfli münasibətlərin "istiləşməsi"ndən xəbər verən prezidentlərin qarşılıqlı səfərlərindən, Xəzər dənizinin milli sektorlara bölünməsi üzrə Azərbaycan-Rusiya sazişindən, eləcə də hər iki tərəfin təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müxtəlif sahələri əhatə edən əməkdaşlıqdan söz açmaq olardı.

Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə malik Azərbaycanla İran arasında münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqilliyinin ilk günlərindən Azərbaycan İranla münasibətlərinə böyük əhəmiyyət vermişdir. Azərbaycan qonşu İranla siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə çalışır.

Azərbaycanla maraqları oxşar olan Gürcüstan və Ukrayna arasında əməkdaşlıq və tərəfdaşlığın hərtərəfli intensivləşməsi ölkəmiz üçün başlıça əhəmiyyət kəsb edən məsələlərdən biridir. Azərbaycanın bu dövlətlərlə ümumi maraqlarının mövcudluğu, Xəzərin hidrokarbon ehtiyatlarının dünya bazarlarına çatdırılması və Avropanı Asiya ilə birləşdirmək naminə tarixi "İpək Yolu"nun bərpa edilməsi, eləcə də ümumi təhlükəsizliyə qarşılıqlı təminatların verilməsi kimi birgə trans-regional layihələrdə iştirak həmin münasibətlərin vacibliyini bir daha sübuta yetirir.

Mərkəzi Asiya ölkələrilə münasibətlər də Azərbaycanın xarici əlaqələr sistemində əhəmiyyətli yer tutur. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın əsas iştirakçılardan biri olduğu layihələrə qoşulması ümumi tarixi və mədəni köklərdən əlavə, bu ölkələrlə iqtisadi və siyasi təmasın da daha sıx olmasına öz töhfəsini vermişdir. Həmin siyasətin nəticələrindən biri odur ki, Azərbaycan Mərkəzi Asiya üçün Avropa məkanına və bazarlarına etibarlı körpü ola bilmişdir. 

Azərbaycanın qonşusu olmayan dövlətlərlə münasibətləri 

Yuxarıda deyilənlərlə yanaşı, Azərbaycanın ona bilavasitə qonşu olmayan inkişaf etmiş Qərb dövlətlərilə münasibətləri xarici siyasətimizdə ən mühüm yerlərdən birini tutur. Dövlətimiz Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Azərbaycan öz təhlükəsizliyi, ərazi bütövlüyü və müstəqilliyini qorumaq imkanlarını möhkəmləndirmək naminə bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. Həmin münasibətlərin inkişafı Azərbaycanın iqtisadi və siyasi tərəqqisinə, Xəzər neft və qaz layihələrinin gerçəkləşdirilməsinə, Şərqlə Qərbi birləşdirən trans-regional dəhlizlərin yaradılmasına təkan verdiyi üçün Azərbaycanla ABŞ arasında əməkdaşlıq ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiya olunmasının başlıca elementi kimi çıxış edir. Müasir dünyada müşahidə olunan son meyllər, beynəlxalq təhlükəsizliyi sarsıdan yeni təhdidlərin əmələ gəlməsi Azərbaycanla ABŞ arasında daha sıx əməkdaşlıq tələb etmiş və buna gətirib çıxarmışdır. Azərbaycan bölgədə ABŞ-ın mühüm müttəfiqi olaraq, bu strateji münasibətləri inkişaf etdirməkdə davam edir.

Azərbaycanın Qərbi Avropa dövlətlərilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlərin inkişafı dövlət və özəl sektorda əsaslı islahatların həyata keçirilməsinə, eləcə də müasir bazar iqtisadiyyatının qurulmasına və xarici sərmayələrin cəlb edilməsinə müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, Qərbi Avropa ölkələri Azərbaycan üçün əsas ixrac bazarı kimi çıxış edir. Bundan əlavə, Azərbaycan özünün yüksək səviyyəli mülki cəmiyyətinin təşəkkülü prosesində Qərbi Avropa ölkələri ilə faydalı əməkdaşlıqdan bəhrələnir.

Uzaq Şərqin qabaqcıl dövlətləri olan Çin və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafının zəruriliyi Azərbaycanı "İpək Yolu" layihəsinin gerçəkləşdirilməsində daha iradəli olmağa sövq etmişdir. Çinin artan beynəlxalq nüfuzu və Avrasiyada onun mövqelərinin möhkəmlənməsi Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təkan vermişdir. Yaponiyanın Azərbaycandakı iqtisadi layihələrə fəal qoşulması və ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı maraq Azərbaycan-Yaponiya münasibətlərinin zəngin potensialının müntəzəm əsasda açılması üçün əlverişli zəmin yaratmışdır.

Cənub-Şərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycanın xarici siyasətinin bu istiqamətə marağının artmasına səbəb olmuşdur. Burada dövlətimizin Ermənistan-Azərbaycan münaqişəsinin həllində tutduğu ədalətli mövqeyi beynəlxalq səviyyədə tam dəstəkləyən Pakistanla olan münasibətlərinin tərəfdaşlıq, Hindistanla isə əməkdaşlıq səviyyəsinə gəlib çatmasını qeyd etmək lazımdır.

Azərbaycanın Yaxın və Orta Şərq dövlətlərilə münasibətləri də böyük potensiala malikdir. Bu münasibətlər Yaxın və Orta Şərqin geosiyasi əhəmiyyətini, zəngin enerji ehtiyatlarını və bu bölgədə böyük sərmayə potensialının mövcudluğunu əsas götürərək qurulur. Azərbaycan bu bölgə ölkələrinin ticarət, texnoloji və maliyyə imkanlarını çox cəlbedici hesab edərək, Yaxın və Orta Şərq dövlətlərilə qarşılıqlı faydalı münasibətlərin daimi inkişafını müsbət qarşılayır.

Beləliklə, Azərbaycan Respublikasının apardığı uğurlu ölçülüb-biçilmiş və tarazlaşdırılmış xarici siyasət sayəsində Azərbaycan millətinin təhlükəsiz və xoşbəxt gələcəyini təmin edən xarici mühit yaradılıb-qorunaraq, Azərbaycanın həm dünya miqyasında mövqelərinin möhkəmləndirilməsi, həm də Xəzər-Qafqaz bölgəsində ən vacib ölkəyə çevrilməsinə nail olunur./mənbə www.azerbaijan.az/

 

 

 

 
 
 

 

 
Elanlar
9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin növbəti seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 43 saylı seçki məntəqəsi yaradılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq olaraq 35.6-cı və 47.8-ci maddələrinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda konsul qeydiyyatına durmuş seçicilər xarici pasport əsasında seçki məntəqəsində səhər saat 08.00-dan axşam saat 19.00-dək təşkil olunacaq səsvermədə iştirak edə bilərlər. Səsvermədə iştirakla əlaqədar 0212 325 80 45 (daxili 138, 145) telefon nömrəsindən əlavə məlumat əldə etmək olar. Məntəqə Seçki Komissiyası
31-ci İstanbul Beynəlxalq Kitab Sərgisi günlərində “Azərbaycan xəmsəsi – Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı” adlı elmi-bədii tədbir keçiriləcəkdir. Tədbirdə AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Teymur Kərimli, şair Əjdər Ol, II Respublika Müğam Festivalının qalibləri iştirak edəcəklər. Tarix: 20.11.2012 Saat 14.30 Yer: Tüyap Forum alanı, 10.Salon, Büyükçekmece – İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn