Qurban bayramı münasibəti ilə hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulu Həsən Zeynalov İstanbulun azərbaycanlı ailələrin sıx məskunlaşdığı Halkalı rayonunda və digər bölgələrdə yaşayan aztəminatlı ailələrin bayramlarını təbrik etmiş, Baş Konsulluq tərəfindən qurbanlıq heyvanlar kəsdirilmiş və qurban bayramı sovqatı paylanılmışdır.
Bu bayramın həmrəylik, yardımlaşma, imkansız və ehtiyacı olanlara dəstəyin təzahürü olduğunu bildirən həmvətənlərimiz Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən həyata keçirilən bu tədbiri Azərbaycan dövlətinin qayğı və diqqətinin nəticəsi olaraq qəbul etdiklərini, vətəndən uzaqda bu davranışın böyük mənəvi əhəmiyyətini qeyd etmişlər.
Azərbaycanın qardaş ölkə olduğunu bildirən yerli sakinlər də ölkəmizin diqqət və dəstəyini bütün məqamlarda hiss etdiklərini, ölkələrimiz arasındakı əlaqələrin günü-gündən inkişafını sevinclə qarşıladıqlarını diqqətə çatdırmışlar.
|