14.02.12 Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər üçün sadələşdirilmiş viza prosedurları Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları aşağıdakı sənədlər əsasında Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu; 2. Avropa Yayımları Birliyinin (AYB) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd; 3. Mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd. Göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri – 15 apreldən 1 iyunadək; 2. AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər – 10 maydan 1 iyunadək.