BMT xalqların öz müqəddəratını təyinetmə hüququnun yalnız müstəmləkə hakimiyyəti, yaxud işğal altında yaşayan xalqlara şamil olunmasını təsdiqləyən qətnamə qəbul edib
|
[ 23 İyun 2011 ]
Ali qurum Azərbaycanın həmmüəllifi olduğu qətnamədə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmətlə yanaşdığını bir daha təsdiqləyib
Bakı - APA. 2011-ci il iyunun 22-də BMT Baş Assambleyasının 65-ci sessiyasının plenar iclasında “Münaqişələrin həlli və qarşısının alınmasında, mübahisəli məsələlərin dinc yolla nizamlanmasında vasitəçiliyin rolunun möhkəmləndirilməsi” adlı qətnamə qəbul olunub. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu qətnamə layihəsi ilin əvvəllərində BMT-yə üzv müxtəlif dövlətlərin daxil olduğu “Vasitəçiliyin dostları qrupu”nun təşəbbüsü ilə hazırlanıb. Azərbaycan danışıqlar prosesində ən aktiv iştirak edən ölkə kimi qətnamənin həmmüəllifidir.
Daimi Nümayəndəlinin məlumatında qeyd olunur ki, qətnamə ilə bağlı konsensusa qoşulmaqdan imtina edən yeganə ölkə Ermənistan olub. Bunu BMT Baş Assambleyasının plenar iclasında Ermənistanın BMT yanında daimi nümayəndəsi bəyan edib. Bu mövqe erməni diplomatların bir neçə ay davam edən danışıqlar zamanı qətnamə layihəsinə dövlətlərin ərazi bütövlüyü prinsipinin daxil edilməməsi üçün etdiyi cəhdlərin uğursuzluğa düçar olmasıdır. Buna nail olmayan ermənilər xalqların öz müqəddəratını təyin etmə hüququnun mahiyyətinə dəyişiklik etməklə, ərazi bütövlüyü prinsipinin prioritetini şübhə altına almaq istəyiblər.
BMT Baş Assambleyası isə qəbul etdiyi qətnamədə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmətlə yanaşdığına bağlı olduğunu bir daha təsdiqləyib. Bundan başqa, BMT Baş Assambleyası bildirir ki, vasitəçilik prosesində etimad və məsuliyyətin təmin olunması üçün xüsusilə milli suverenliyə hörmət və dövlətlərin beynəlxalq hüquq qarşısında öhdəliklərinə riayət etməsi tələb olunur.
BMT-yə üzv ölkələr xalqların öz müqəddəratını təyinetmə hüququna dair Ermənistan nümayəndə heyətinin əsassız arqumentlərini rədd ediblər və bu prinsipin müstəmləkə hakimiyyəti, yaxud işğal altında yaşayan xalqlara şamil olunmasını təsdiqləyiblər. Bununla da, milli müqəddəratını təyinetmə hüququnun subyektləri və tətbiq dairəsi, həmçinin ərazi iddialarına və suveren ölkələrə qarşı qanunsuz güc tətbiqinə haqq qazandırmaq üçün bu hüquqa əsaslanmağın yolverilməzliyinə dair Azərbaycanın mövqeyi böyük dəstək qazanıb. Bundan başqa, Azərbaycan ərazilərinin işğal altında olduğu və Ermənistanın bu situasiyanın yaranması və qorunmasına aktiv cəlb edildiyi beynəlxalq səviyyədə tanınmış olub. Eyni zamanda Baş Assambleyanın vasitəçiliyin rolunun möhkəmləndirilməsinə dair bu qətnaməsi məhz torpaqlarının bir hissəsi qonşu dövlət tərəfindən işğal edilmiş Azərbaycan xalqının öz müqəddəratını təyinetmə hüququnun pozulduğunu bir daha təsdiqləmiş olur.
Baş Assambleyanın birmənalı şəkildə mübahisələrin sülh yolu ilə həllinə, vasitəçilik yolu ilə münaqişələrin həlli və qarşısının alınmasına dair bütün əvvəlki qətnamələrinə istinad etməsi faktı da diqqət çəkir. Bu vəziyyət şübhəsiz ki, BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul olunmuş “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair” 62/243 saylı qətnaməsinə də şamil olunur. Məlum olduğu kimi, Baş Assambleya həmin qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə və buna daimi hörmətlə yanaşdığını bəyan edib. Qətnamədə həmçinin Ermənistan Silahlı Qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal altında olan ərazilərindən çıxması tələb olunur və beynəlxalq vasitəçilik səylərinə dəstək ifadə edilir.
Vasitəçiliyin rolunun möhkəmləndirilməsinə dair qətnaməyə beynəlxalq hüquq prinsiplərinə dair bir sıra mühüm dəqiqləşdirilmiş müddəaların əlavə edilməsi ilə əlaqədar uğradığı aşkar uğursuzluq Ermənistan nümayəndə heyətinin BMT Baş Assambleyasında gizlədə bilmədiyi əsəbi davranışa və qeyri-adekvat iradlara səbəb olub. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin qətnaməyə dəstək çıxışını kəsmək cəhdləri bir sıra nümayəndə heyətlərinin haqlı narazılığına səbəb olub, onlar Ermənistanın qeyri-konstruktiv və antidemokratik hərəkətlərindən hiddətlərini ifadə ediblər.
Şübhəsiz ki, əsas nəticə BMT Baş Assambleyasında Azərbaycanın dəstəyi, Ermənistanın mövqeyinin isə tam təcrid olunması fonunda mühüm qətnamənin qəbuludur. Qarşıdan Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanmasına dair danışıqların növbəti raundunun gəldiyini və vasitəçilik səylərinin aktivləşdiyini nəzərə alsaq, özü üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə rəsmi İrəvanın “qürurlu” yalqızlığı xüsusi diqqət çəkir.
|