Müttəfiqlik, dostluq, qardaşlıq prinsipləri əsasında formalaşan qarşılıqlı münasibətlər yeni yüksəliş mərhələsinə daxil olur
Eyni soykökünə, dinə, dilə, tarixə, mədəniyyətə malik olan Azərbaycan-Türkiyə münasibətlərində mövcud inkişaf səviyyəsi bu gün dünya miqyasında ən gözəl nümunəyə çevrilib. Ölkələrimiz arasında çoxşaxəli xarakterə malik olan, səmimi əsaslara söykənən qarşılıqlı münasibətlər günü-gündən inkişaf edir, daha möhkəm özüllər üzərində qurulur. İstər ikitərəfli əlaqələrdə, istərsə də regional və daha genişmiqyaslı məsələlərə münasibətdə qarşılıqlı maraqların nəzərə alınması Azərbaycan-Türkiyə birliyinin əsas xarakterik xüsusiyyətlərindəndir. Ən böyük hakim olan zaman Azərbaycan və Türkiyənin, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olduğunu sübuta yetirib
Real şəraitdə ölkələrarası münasibətlərin daha da dərinləşməsi istiqamətində hər iki dövlətin rəhbərliyi tərəfindən meydana qoyulan siyasi iradə Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter almasına, beynəlxalq hüquq məkanında mövqelərinin daha da güclənməsinə gətirib çıxarıb. Bu istiqamətdə həyata keçirilən siyasətin davamlı xarakterə malik olduğunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iyulun 27-də Azərbaycana baş tutan rəsmi səfəri də aydın surətdə təsdiqlədi.
Ötən ay keçirilən parlament seçkilərində yenidən inamlı qələbəyə imza atan Ədalət və İnkişaf Partiyasının (AKP) liderinin, Türkiyənin Baş nazirinin ilk xarici səfərlərindən birini məhz Azərbaycana etməsi də ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin daha bir real ifadəsidir. 28.07.11. /Azerbaycan/